SEO sehr deyil, mühəndislikdir. Saytınızın Google-da harada dayandığı üç şeydən asılıdır: texniki cəhətdən oxuna bilirmi, məzmunu sualı cavablandırırmı və başqa saytlar ona istinad edirmi. Biz üçünün üzərində də işləyirik — və nəticəni Google Search Console rəqəmləri ilə göstəririk, öz hesabatımızdakı vədlərlə yox.
Nə daxildir
1. Texniki audit
Saytın Google tərəfindən oxuna bilməsini bloklayan hər şeyi tapırıq: sınıq sitemap.xml, səhv canonical, dublikat səhifələr, indekslənməyən bölmələr, yavaş yüklənmə, mobil problemləri, sınıq linklər. Bu mərhələ çox vaxt ən böyük qazancı verir — çünki problem adətən görünmür.
2. Açar söz araşdırması
Müştərinizin Google-a nə yazdığını çıxarırıq və hər sorğunu bir səhifəyə bağlayırıq. Rəqabəti yüksək ümumi sözlərlə yanaşı, alma niyyəti aydın olan uzun sorğulara xüsusi diqqət veririk — onlar daha tez nəticə verir.
3. Səhifədaxili optimizasiya
Başlıq, meta təsvir, H1–H3 strukturu, şəkil alt mətnləri, URL quruluşu, daxili linklər və struktur məlumat (schema). Hər səhifə bir sorğuya köklənir.
4. Məzmun
Sıralanmaq üçün səhifə sualı tam cavablandırmalıdır. Rəqib 2 000 söz yazıbsa, 200 sözlə qarşısına çıxmaq olmur. Məzmun planı qururuq və yazırıq — Azərbaycan dilində, real biznes dilində.
5. Xarici keçidlər (backlink)
Kataloqlar, sahə portalları, tərəfdaş saytları və mətbuat. Keyfiyyətsiz linklər alınmır — onlar zərər verir. Yanaşmamızı backlink strategiyası yazımızda açmışıq.
6. Ölçmə və hesabat
Search Console və Analytics qoşulur, aylıq hesabat gedir: hansı sorğuda neçənci yerdəsiniz, neçə klik gəlib, hansı səhifə qalxıb, hansı düşüb.
Nə vaxt nəticə görünür
Dürüst cavab: texniki düzəlişlərin təsiri 2–6 həftədə, məzmunun təsiri 2–4 ayda, backlink işinin təsiri 3–6 ayda görünür. Bir ayda birinci yerə çıxarmağı vəd edən hər kəs ya rəqabətsiz sorğudan danışır, ya da doğru demir.
Lokal SEO — Bakı və rayonlar
Fiziki ünvanı olan bizneslər üçün Google Xəritədə görünmək çox vaxt saytdan da vacibdir. Google Biznes Profili, ünvan uyğunluğu, rəylər və yerli kataloqlar üzərində ayrıca işləyirik. Ətraflı: lokal SEO bələdçisi.
Yeni sahə: süni intellekt axtarışında görünmək
İnsanların bir hissəsi artıq sualı Google-a yox, ChatGPT, Gemini və oxşar sistemlərə verir. Bu sistemlər cavabı canlı axtarışdan və kənar mənbələrdən — kataloqlar, rəylər, sahə saytları — yığır. Saytın öz tərəfində biz bunları edirik: aydın sual-cavab blokları, konkret faktlar, FAQPage struktur məlumatı və sistemlərin saytı oxuya bilməsi. Açıq deyək: bu sistemlərin sizi tövsiyə etməsinə zəmanət vermək mümkün deyil — bu, çox vaxt saytdan kənar etibar siqnallarından asılıdır: real müştəri rəyləri, Google Biznes Profili, kataloq profilləri və başqa saytların sizə istinadı. Bu işin saytdaxili hissəsini standart SEO paketinə daxil edirik.
Sizə uyğundurmu
SEO hər biznes üçün eyni dərəcədə sərfəli deyil. Məhsulunuzu insanlar Google-da axtarmırsa, büdcəni reklama yönəltmək daha doğrudur. İlk baxışda bunu dürüst deyirik — axtarış həcmi yoxdursa, işi almırıq.
Başlanğıc üçün oxumalı: SEO-da nəzərə alınmalı 10 əsas faktor, sayt sürəti və Core Web Vitals, featured snippet optimizasiyası.
Tez-tez verilən suallar
SEO nəticəsi nə vaxt görünür?
Texniki düzəlişlər 2–6 həftədə, məzmun 2–4 ayda, xarici keçidlər 3–6 ayda təsir göstərir. Sahənin rəqabəti nə qədər yüksəkdirsə, müddət bir o qədər uzanır. Bir ayda nəticə vəd edən təklifə ehtiyatla yanaşın.
Google-da birinci yeri zəmanət verirsiniz?
Xeyr, və zəmanət verən heç kəsə inanmayın — sıralamanı Google müəyyən edir, agentlik yox. Bizim zəmanətimiz iş həcmi və şəffaf hesabatdır: hər ay Search Console rəqəmlərini görürsünüz.
Ayda neçə məqalə yazılır?
Adətən 4–8 məqalə, sahənin rəqabətindən asılı olaraq. Amma say özlüyündə göstərici deyil — bir güclü, sualı tam cavablandıran yazı beş səthi yazıdan üstündür.
Saytım yenidir, SEO-ya başlamaq tezdir?
Əksinə, ən doğru vaxtdır. Sayt qurulan anda struktur düzgün qoyulsa, sonradan düzəltmək üçün ödəniləcək məbləğ xeyli azalır.
Backlink satın alırsınız?
Şəbəkələrdən toplu link almırıq — Google bunu aşkarlayır və sayta zərər verir. Real kataloqlar, sahə portalları, tərəfdaş və müştəri saytları üzərində işləyirik. Bu daha yavaşdır, amma qalıcıdır.
Öz saytınız Google-da yaxşı sıradadırmı?
Dürüst cavab: «SEO xidməti» kimi rəqabətli sorğularda saytımız hələ istədiyimiz mövqedə deyil və biz bunu gizlətmirik. Buna görə də sizə birinci yer vəd etmirik — işi və nəticəni hər ay Search Console rəqəmləri ilə açıq göstəririk.